"İnternetdə mənfi şərhlər insanın psixikasına təsir edə bilər və bəzən bu təsir düşündüyümüzdən də ciddi olur. Biz bəzən internetdə yazılan sözlərə "virtualdır, real deyil" yanaşması ilə baxırıq. Amma insan üçün təhqir, alçaldılma və ya rədd edilmə hissi harada yaşanmasından asılı olmayaraq emosional təsir yaradır".
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova açıqlayıb.
Onun sözlərinə görə, xüsusilə insan haqqında kütləvi şəkildə mənfi fikirlər yazılması onun özünə inamına, özünüqiymətləndirməsinə, əhval-ruhiyyəsinə və insanlarla münasibətlərinə təsir göstərə bilər:
"Bəzi insanlarda uzun müddət davam edən mənfi şərhlər təşviş, gərginlik, yuxu pozuntusu, özünəqapanma və hətta depressiv əlamətlər yarada bilər. Burada insanın xarakteri və psixoloji vəziyyəti də çox önəmlidir. Məsələn, özünəinamı daha zəif olan və ya artıq psixoloji çətinlik yaşayan insan mənfi şərhdən daha çox təsirlənə bilər. Yeniyetmələrdə isə bu təsir daha həssas ola bilər. Çünki bu yaş dövründə həmyaşıdlarının fikri və qəbul olunmaq xüsusilə böyük əhəmiyyət daşıyır".
Baş həkim bildirib ki, sosial mediada yazılan hər mənfi fikrin psixoloji problem yaratdığını söyləmək də düzgün olmaz:
"Əsas məsələ şərhlərin xarakteri, təkrarlanma tezliyi və insanın buna necə reaksiya verməsidir. Xüsusilə valideynlərə demək istərdim ki, uşaqların internetdə qarşılaşdıqları mənfi münasibəti kiçik məsələ kimi qəbul etməsinlər. Uşaq "mənə pis söz yazıblar" deyirsə, onun hisslərini dinləmək və "boş ver, fikir vermə" demək əvəzinə, nə yaşadığını anlamağa çalışmaq lazımdır. Çünki bəzən böyüklər üçün adi görünən bir cümlə yeniyetmə üçün çox ağır ola bilər.
Əsas məsələ uşağa internetdə yazılan hər fikrin həqiqət olmadığını, onun dəyərinin başqalarının şərhləri ilə müəyyən edilmədiyini anlatmaqdır. Ən vacibi isə mənfi şərhlərdən sonra insanın davranışında ciddi dəyişikliklər yaranarsa - özünəqapanma, insanlardan uzaqlaşma, yuxu və iştahda dəyişikliklər, davamlı kədər və ya təşviş müşahidə olunarsa - bunu sadəcə "internetdə bir söz yazıblar" kimi qiymətləndirmək olmaz. Belə halda psixoloji dəstəyə ehtiyac yarana bilər".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)