Bakının 8 Noyabr prospekti, Nargilə dairəsindəki yolda azyaşlılar təhlükəli vəziyyət yaradıblar.
Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntü paylaşılıb.
İki yeniyetmə anidən avtomobil yolunun hərəkət hissəsinə çıxaraq təhlükəli hərəkətlər ediblər. Daha sonra yolun digər tərəfinə də qaça-qaça keçərək, intensiv yolu sözün əsl mənasında idman zalına çeviriblər.
Qeyd edək ki, həmin ərazidə işıqfor və piyada keçidi yoxdur.
DİN-in mətbuat xidmətindən bildirilib ki, paytaxt ərazisində nəqliyyat axınının intensiv olduğu yolda təhlükəli hərəkətlər edərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi risk yaradan azyaşlılar polis əməkdaşları tərəfindən müəyyən ediliblər:
"Hər iki azyaşlı valideynləri ilə birlikdə Xətai Rayon Polis İdarəsinə dəvət olunaraq onlarla profilaktik iş aparılıb, yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etmələrinin vacibliyi izah edilib. Eyni zamanda azyaşlıların həyat və sağlamlığının qorunması, onların təhlükəli davranışlardan çəkindirilməsi və bu kimi halların təkrarlanmaması məqsədilə valideynlərlə müvafiq maarifləndirici söhbətlər aparılıb. Övladlarının davranışlarına nəzarəti artırmalı olduqları onların diqqətinə çatdırılıb".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)