Bu binanın sakinləri təhlükə içində yaşayır: Sürüşmə riski artır

19 Avqust 2026 13:08

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yaşayış binasının yaxınlığında sürüşmə riski sakinləri ciddi narahat edir.

Milli.Az xəbər verir ki, güclü yağış və selin səbəb olduğu uçqunun nəticələri hələ tam aradan qaldırılmayıb.

Hadisə nəticəsində iri beton konstruksiyalar avtomobillərin üzərinə düşüb. Sakinlərin sözlərinə görə, sürüşmə ərazidə torpaq qatının vəziyyətinə ciddi təsir göstərib. Hazırda yaşayış binasının ətrafında uçqun təhlükəsi qalmaqdadır. Binada bir sıra çatların yaranması da narahatlığı daha da artırıb.

Sakinlər aidiyyəti qurumlardan ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini və problemin mümkün qədər tez həll olunmasını tələb edirlər.

Məsələ ilə bağlı Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən isə bildirilib ki, məsələnin həlli üçün Fövqəladə Hallar Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət edilib. Qurumların məsələyə yenidən baxacağı və təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər görüləcəyi qeyd olunub.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)