Qazaxıstanda aparılan arxeoloji qazıntılar zamanı təxminən 1500 il yaşı olan məzardan qızıl lövhələrlə bəzədilmiş bir cüt ayaqqabı aşkar edilib.
Milli.Az xəbər verir ki, Xəzər dənizinin sahilində yerləşən Manqışlaq yarımadasında, Aktau şəhəri yaxınlığındakı Qarakabak qəbiristanlığında tapılan məzarın nəcib və gənc bir qadına aid olduğu ehtimal edilir.
Mütəxəssislərin araşdırmasına görə, ayaqqabılar tamamilə qızıldan hazırlanmayıb. Onların əsas hissəsi ağac və ya digər üzvi materialdan hazırlanıb, üzəri isə nazik qızıl təbəqə ilə örtülüb.
Məzardan qadının başına taxıldığı ehtimal edilən qızıl lövhələrlə bəzədilmiş qırmızı tac, həmçinin Meduzaya bənzər fiqur və qanadlı quş təsvirləri olan bəzək əşyaları da tapılıb.
Tədqiqatçılar ayaqqabı və digər əşyaların gündəlik istifadə üçün nəzərdə tutulmadığını bildirirlər. Onların fikrincə, bu əşyalar xüsusi olaraq dəfn mərasimi üçün hazırlanıb və eramızın V əsrinin sonu - VI əsrin əvvəllərinə aiddir.
Arxeoloqlar hesab edirlər ki, tapıntılar uzaq ərazilərdən gətirilməyib, Qarabağdakı yerli sənətkarlar tərəfindən hazırlanıb. Ərazidə əvvəllər şüşə, dulusçuluq və zərgərlik emalatxanalarının izləri, eləcə də müxtəlif bölgələrə aid 150-dən çox qədim sikkə aşkarlanıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)