Rusiyada iri biznes nümayəndələrinin dövlət büdcəsinə köçürdüyü vəsaitin həcmi kəskin artıb.
Musavat.com xəbər verir ki, The Moscow Times-ın məlumatına görə, avqustun ortalarına qədər Rusiya şirkətləri və biznesmenləri dövlət xəzinəsinə təxminən 384 milyard rubl - 4,5 milyard dollara yaxın vəsait köçürüblər.
Məlumata görə, proses yaz aylarında Vladimir Putinin iri biznes nümayəndələrini büdcəyə könüllü şəkildə əlavə vəsait ayırmağa çağırmasından sonra sürətlənib.
Putinin biznes nümayəndələri ilə görüşünədək bu tip daxilolmalar cəmi 15,6 milyard rubl təşkil edirdi. Sonrakı dövrdə isə məbləğ təxminən 24 dəfə artaraq 384 milyard rubla yaxınlaşıb.
Bildirilir ki, vəsaitlər yalnız şirkətlərin korporativ hesablarından çıxarılmayıb. Bəzi biznesmenlər büdcəyə pul köçürmək üçün ailə fondlarının vəsaitlərindən də istifadə ediblər.
Bu ödənişlər Rusiya federal büdcəsinin böyük kəsirlə üzləşdiyi bir dövrə təsadüf edir. /Musavat.com