Dubayda satılan “Bizim Tarla” mürəbbəsindən qurd çıxdı – (Foto)

18 Avqust 2026 15:18

"Bizim Tarla" markasının xarici ölkələrə ixrac olunan çiyələk mürəbbəsinin içərisində qurd aşkarlanıb.

Milli.Az xəbər verir ki, hadisə Dubay şəhərində baş verib. Hazırda Dubayda yaşayan aparıcı həmyerlimiz Yeganə Həsənova məhsulun içərisindən qurd çıxdığını bildirib.

O qeyd edib ki, 3 ildir Dubayda yaşayır və indiyədək aldığı məhsulların heç birində belə halla qarşılaşmayıb. Həsənova marketdə yerli məhsulu gördükdə Azərbaycana aid olduğu üçün almaq qərarına gəldiyini, lakin mürəbbənin içərisindən qurd çıxdığını bildirib.

"Marketdə gördüm, qəribsədim, dedim özümüzkülərə xeyir verim, Vətənin dadını alım. Amma bizimkilərin məsuliyyətsizliyini, işlərinə başdansovdu yanaşmasını unutmuşam", - deyə o bildirib.

Həmyerlimiz məsələ ilə bağlı Dubay Municipality-yə müraciət edəcəyi təqdirdə məhsulun satışdan çıxarıla biləcəyini və ciddi cəza tətbiq olunacağını qeyd edib.

"Bura Azərbaycan deyil, qurdlu, təhlükəli əlinizə nə keçdi millətə satırsınız. Biraz vicdanla çalışın", - Həsənova vurğulayıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)