Saytımızın əməkdaşının soröusuna cavab olaarq bildirilib ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Kompüter Tomoqrafiyası (KT) cihazı 07.07.2026-cı il tarixində yaranan texniki nasazlıq nəticəsində sıradan çıxıb.
Hazırda KT cihazının fəaliyyətinin bərpası istiqamətində zəruri tədbirlər görülür. Cihazın yenidən istismara verilməsi üçün işlər görülür.
xxx
Şəmkir Rayon Mərkəzi Xəstəxanası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən tibb müəssisəsidir. Bu xəstəxana təkcə Şəmkir deyil, həmçinin Göygöl, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının əhalisinə də geniş profilli tibbi xidmət göstərmək öhdəliyi daşıyır.
Milli.Az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə, bu strateji regional tibb müəssisəsində ən vacib diaqnostika cihazı olan Kompüter Tomoqrafiyası (KT) aparatının fəaliyyəti tamamilə dayanıb. Cihazın bir aydan çoxdur ki, nasaz vəziyyətdə qaldığı və təmir olunmadığı bildirilir.
Xatırladaq ki, cəmi bir il öncə, 7 avqust 2025-ci il tarixində xəstəxananın rəsmi səhifəsində tibb müəssisəsində ilk dəfə olaraq 32 kəsimli, müasir kompüter tomoqrafiyası xidmətinin istifadəyə verildiyi böyük fəxrlə elan olunmuşdu. Həmin vaxt pasiyentlərin daxili orqanlarının təfərrüatlı müayinəsi üçün tam hazır olduğu deyilən və ətraf rayonlara getmək məcburiyyətini aradan qaldıran cihaz bu gün işləmir. Altı rayonun əhalisinə xidmət edən mərkəzi xəstəxanada KT cihazının həftələrlə işləməməsi yüzlərlə ağır xəstənin həyatını təhlükəyə atır.
Məsələ ilə bağlı TƏBİB-yə sorğu ünvanlanıb. Sorğumuza cavab olaraq bildirildi ki, məsələ araşdırılacaq.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)