Türkiyə Superliqasının ilk turunda keçirilən "Gənclərbirliyi" - "Fənərbağça" matçında azarkeşlərin davranışı ciddi müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, meydan sahibi komandanın tribunasında atası ilə oyunu izləyən 4 yaşlı Göktuğ Alımcının üzərindəki "Fənərbağça" forması bəzi azarkeşlərin təzyiqi ilə çıxarılıb. Hadisə zamanı polis əməkdaşları müdaxilə edib, daha sonra məsələ ilə bağlı bir nəfər saxlanılıb.
Hadisəyə reaksiya verən "Fənərbağça" klubu Göktuğ və atası Selami Alımcı ilə əlaqə saxlayıb. Klub onları "Lion"la keçiriləcək Çempionlar Liqası matçına dəvət edib və azyaşlı azarkeçi stadionda qonaq edəcəyini açıqlayıb.
Klub açıqlamasında uşağın yalnız sevdiyi komandanın formasını geyindiyinə görə təzyiqlə üzləşməsini qəbuledilməz adlandırıb və futbol rəqabətinin meydandan kənara daşınmamalı olduğunu vurğulayıb.
Qeyd edək ki, qarşılaşma "Fənərbağça"nın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)