"Real Madrid"in baş məşqçisi Joze Mourinyo "Şalke" ilə keçirilən yoxlama oyununda görünüşü ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, 3:0 hesabı ilə başa çatan qarşılaşmada portuqaliyalı mütəxəssisin gözünün altında yaranan göyərmə azarkeşlərin və jurnalistlərin marağına səbəb olub.
COPE nəşrinin jurnalisti Aranka Rodriges sosial şəbəkə hesabında Mourinyonun xəsarətinin səbəbini açıqlayıb. Mütəxəssis gözünün altındakı zədənin məşq zamanı yarandığını bildirib.
"Məşq zamanı top düz üzümə çırpıldı. Eynək taxmasaydım, yəqin ki, heç nə olmazdı. Vəziyyət bundan da pis ola bilərdi", - deyə Joze Mourinyo bildirib.
Qeyd edək ki, "Şalke" ilə qarşılaşma "Real Madrid" üçün yeni mövsüm başlamazdan əvvəl son yoxlama oyunu olub. "Kral klubu" La Liqada ilk matçını avqustun 22-də "Espanyol"a qarşı keçirəcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)