"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) məlumat verilib.
Bildirilib ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmış ən irimiqyaslı xarici film istehsalı layihəsidir.
Sözügedən filmin Azərbaycan hissəsinin çəkilişlərinin uğurla keçməsində Mədəniyyət Nazirliyinin koordinatorluğu ilə müxtəlif dövlət orqanlarının - Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin və digər qurumların - ümumilikdə 26 rəsmi təşkilatın çəkiliş heyətinə dəstək məqsədilə birgə fəaliyyəti mühüm rol oynayıb.
"Tanrının zirehi 4: Ultimatum" filminin istehsalına 200-dən çox yerli mütəxəssis, onlarla yerli şirkət cəlb olunub. Bu cür fəaliyyət yerli kino mütəxəssislərinin təcrübə toplamasını və beynəxalq əməkdaşlığı gücləndirməsini təmin edir.
Filmin Azərbaycan hissəsinin çəkilişləri başa çatandan sonra Ceki Çanın prosesə dəstək vermiş dövlət qurumlarının və şirkətlərin nümayəndələri ilə görüşü keçirilib. Aktyor verilən dəstəyə görə bütün qurumlara şəxsən təşəkkürünü bildirib və xatirə hədiyyələri təqdim edib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)