Sabirabadın Sarxanbəyli kəndində ötən ilin dekabrında uçan körpü ilə bağlı problem hələ də öz həllini tapmayıb. 2-ci Küryan kollektoru üzərində yerləşən körpünün uzun müddətdir qəzalı vəziyyətdə qalması kənd sakinlərinin narahatlığına səbəb olub.
Milli.Az xəbər verir ki, körpünün uçması zamanı ərazidən keçən pambıqyığan kombayn su kanalına aşıb.
Hadisədən aylar keçməsinə baxmayaraq, körpüdə bərpa işləri hələ başlanmayıb. Sakinlərin sözlərinə görə, körpünün sıradan çıxmasından sonra onlara alternativ yolun salınacağı bildirilsə də, bu istiqamətdə də nəticə olmayıb.
Kənd sakinləri qeyd edirlər ki, problem yalnız Sarxanbəylini əhatə etmir. Körpüdən ətraf yaşayış məntəqələrinin sakinləri də istifadə ediblər. Xüsusilə Şirvan və Salyan istiqamətində hərəkət edənlər üçün bu yol mühüm əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, körpünün yenidən qurulması ilə bağlı yuxarı təşkilatlara müraciət olunub və bunun üçün smeta vəsaiti ayrılıb.
Qurumun məlumatına görə, yaxın günlərdə əraziyə müvafiq texnikanın gətirilməsi və körpünün bərpası üzrə işlərə başlanılması planlaşdırılır.