Sürücüsüz avtomobillər Azərbaycana gəlir?

17 Avqust 2026 17:53

Azərbaycanda müasir nəqliyyat texnologiyalarının tətbiqi ilə bağlı hüquqi çərçivə genişləndirilir. Sürücünün birbaşa müdaxiləsi olmadan, süni intellekt və müxtəlif sensorlar vasitəsilə hərəkət edən avtonom nəqliyyat vasitələrinin istifadəsi üçün yeni qaydaların müəyyənləşdirilməsi nəzərdə tutulur.

Milli.Az xəbər verir ki, yeni yanaşmaya əsasən, belə nəqliyyat vasitələrinin fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi, onların operatorları üçün xüsusi tələblərin müəyyənləşdirilməsi və avtomatlaşdırılmış sistemlər tərəfindən toplanan məlumatların qeydiyyata alınması nəzərdə tutulur.

Avtonom avtomobillərin istismarına nəzarəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həyata keçirəcək. Bu sahədə fəaliyyət göstərən operatorlara xüsusi şəhadətnamələrin verilməsi də planlaşdırılır.

Bununla yanaşı, avtonom nəqliyyat vasitələri ilə bağlı məlumatların dövlətin müxtəlif informasiya sistemləri arasında mübadiləsinin təmin edilməsi nəzərdə tutulur. Bu mexanizm nəqliyyat vasitələrinin fəaliyyətinə nəzarətin və aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinə xidmət edəcək.

Hazırlanan hüquqi mexanizmin əsas məqsədi sürücüsüz və avtomatlaşdırılmış nəqliyyat vasitələrinin ölkədə təhlükəsiz, nəzarətli və qanunvericiliyə uyğun şəkildə istifadəsini təmin etməkdir.

Qeyd edək ki, yeni tənzimləmələr yalnız avtomobillərlə məhdudlaşmır. Avtonom və pilotsuz texnologiyalardan istifadə edən digər nəqliyyat vasitələri, o cümlədən tramvay, metro, qatar, gəmi və pilotsuz uçuş aparatları ilə bağlı da müvafiq nəzarət mexanizmlərinin formalaşdırılması nəzərdə tutulur.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)