“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir? - Dosye - (Foto)

17 Avqust 2026 13:03

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin 3 general-mayoruna "general-leytenant" ali hərbi rütbəsi verilib.

Milli.Az xəbər verir ki, sərəncama əsasən, general-mayor Babək Mürsəl oğlu Ələkbərova, general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova və general-mayor Faiq Həmzəağa oğlu Məmmədova "general-leytenant" ali hərbi rütbəsi verilib.

Polkovnik Elfan Şakir oğlu Quliyev isə "general-mayor" ali hərbi rütbəsinə layiq görülüb.

Babək Mürsəl oğlu Ələkbərov

Babək Mürsəl oğlu Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Əslən Qərbi Azərbaycandandır.

Babək Ələkbərov 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub. Məzun olduqdan sonra Sərhəd Qoşunlarının Çevik Hərəkat Qüvvələrində xidmətə başlayıb. 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən, Dövlət Sərhəd Xidməti əməkdaşlarının Peşə bayramı günü münasibətilə "İgidliyə görə" medalı ilə təltif edilib. 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsinin iştirakçısıdır. Arazboyu əməliyyatlarda böyük şücaət göstərmiş, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə etmişdir.

İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Babək Ələkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

Aqşin Ramiz oğlu Məhərrəmov

Aqşin Ramiz oğlu Məhərrəmov da Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli hərbçilərindəndir.

Onun adı müxtəlif illərdə dövlət təltifləri ilə bağlı Prezident sərəncamlarında yer alıb. Məhərrəmov "İgidliyə görə" medalı, "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" və 3-cü dərəcəli "Rəşadət" ordenləri ilə təltif olunub.

2020-ci ildə Vətən müharibəsi ilə bağlı xidmətlərinə görə "Zəfər" ordeninə layiq görülən hərbçilər sırasında onun da adı olub.

Sonrakı illərdə 2-ci dərəcəli "Rəşadət" ordeni ilə də təltif edilən Məhərrəmov general-mayor rütbəsindən general-leytenant rütbəsinə yüksəlib.

Faiq Həmzəağa oğlu Məmmədov 

General-leytenant Faiq Həmzəağa oğlu Məmmədov Dövlət Sərhəd Xidmətində uzun müddət xidmət edən hərbçilərdəndir. O, bu ilin aprelində DSX-nin Mərkəzi Aparatının rəhbəri təyin olunub. Bundan əvvəl qurumda Baş idarə rəisi və DSX Akademiyasının rəis əvəzi kimi müxtəlif məsul vəzifələrdə çalışıb.

Hərbi xidmətə polkovnik rütbəsi ilə başlayan Faiq Məmmədov sonrakı illərdə general-mayor ali hərbi rütbəsinə yüksəlib. Onun adı dövlət təltifləri ilə bağlı sərəncamlarda da yer alıb. Belə ki, 2024-cü ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Yeni sərəncamla Faiq Məmmədova general-leytenant ali hərbi rütbəsi verilib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)