"Ferrari"nin tam elektriklə çalışan "Ferrari Luce" modelinin ilk nümunəsi ABŞ-nin Monterrey şəhərində təşkil olunan "Sotheby's" hərracında 40 milyon dollara alıcı tapıb.
Milli.Az xəbər verir ki, "Şassi 0" kimi təqdim edilən avtomobil "Ferrari Luce"nin ilk istehsal nümunəsi hesab olunur.
Hərrac evi bildirib ki, avtomobil üzərində xüsusi xatirə lövhəsi ilə satışa çıxarılıb. Satışdan əldə edilən gəlir "Ferrari" tərəfindən xeyriyyə məqsədlərinə bağışlanacaq.
"Bloomberg"in məlumatına görə, 40 milyon dollarlıq satış hərrac tarixində yeni avtomobil üçün ödənilən ən yüksək məbləğ olub.
Qeyd edək ki, "Ferrari"nin ilk tam elektrikli modeli mayın 26-da təqdim edilib. Təqdimatdan sonra şirkətin səhmləri 8 faizdən çox ucuzlaşıb. Nəticədə şirkətin bazar dəyəri təxminən 5 milyard dollar azalıb.
"Ferrari"nin keçmiş prezidenti, eyni zamanda "Formula-1" komandasının sabiq rəhbəri Luka di Montezemolo isə şirkətin elektrikli avtomobil istehsalına başlamasını tənqid edib. O hesab edir ki, belə bir model markanın illər ərzində formalaşdırdığı nüfuza mənfi təsir göstərə bilər.
Montezemolo, həmçinin elektrikli modeldə "Ferrari"nin məşhur şahə qalxmış at simvolunun yer almamasına ümid etdiyini söyləyib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)