ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalının aparıcısı Şennon Brimin verilişində administrasiyasının fəaliyyətinin obyektiv işıqlandırılmadığını bildirib.
Milli.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.
Prezidentin sözlərinə görə, Şennon Brim proqramında əsasən mənfi mövzulara üstünlük verir, hökumətin gördüyü işlər və əldə etdiyi nəticələr barədə isə kifayət qədər danışmır.
Donald Tramp aparıcının verilişə mənfi mövqeli qonaqlar dəvət etdiyini, müxtəlif qrafik və sorğulardan istifadə etdiyini iddia edib. O, administrasiyasının sərhəd təhlükəsizliyi, iqtisadiyyat, ordu, cinayətkarlıq və dərman qiymətləri ilə bağlı bir sıra uğurlar əldə etdiyini vurğulayıb.
Tramp "Fox News"un digər aparıcıları, o cümlədən Kris Uolles və Xuan Uilyams barədə də tənqidi fikirlər səsləndirib.
"Şennonun verilişi yarıtmaz vəziyyətdədir", - deyə ABŞ Prezidenti yazıb.
O, həmçinin Respublikaçılar Partiyasının böyük hissəsinin MAGA hərəkatını dəstəklədiyini bildirərək Şennon Brimin verilişinin reytinqlərinin yaxın gələcəkdə aşağı düşəcəyini proqnozlaşdırıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)