Azərbaycanda iyul ayında avtomobil elanlarının median qiyməti 17 min manat təşkil edib. Bu, iyun ayı ilə müqayisədə 900 manat və ya 5 faiz azalma deməkdir.
Milli.Az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) təhlilinə görə, bu eniş bazarda kütləvi ucuzlaşma ilə bağlı deyil.
İyulda daha ucuz və köhnə avtomobillərin təklifdə payı artıb, bahalı və premium avtomobillərin payı isə azalıb. Nəticədə median qiymət aşağı düşüb. Dəyişən struktur üzrə indeks iyulda 98.3, iyunda 103.5 olub. Marka-model çəkiləri sabit saxlanıldıqda indeks 103.1, eyni model və buraxılış ili üzrə isə 103.3 təşkil edib. Bu isə real qiymət dəyişikliyinin cəmi 0.2-0.4 faiz olduğunu göstərir.
AQP-nin 25 mindən çox müşahidə və bazarda aktiv olan 120 marka-model əsasında hazırladığı hedonik modelə görə, avtomobilin qiymətinə ən çox təsir edən amil yaşdır. Hər əlavə istismar ili qiyməti orta hesabla 6.1 faiz azaldır. Hər əlavə 1 000 km yürüş isə qiyməti 0.0256 faiz, 50 min km üçün təxminən 1.27 faiz aşağı salır.
Digər xüsusiyyətlər eyni olduqda, mexaniki transmissiyalı avtomobillər avtomat transmissiyalılardan orta hesabla 6.3 faiz ucuz qiymətləndirilir. Qəza tarixçəsi də qiymətə ciddi təsir edir: təmir edilmiş qəza tarixçəli avtomobillərdə qalıq dəyər itkisi 5.2 faiz, təmir olunmamış zədələnmiş avtomobillərdə ümumi bazar itkisi isə təxminən 21 faizdir. Bu 21 faizin 15.8 faizi təmir xərci ekvivalenti, 5.2 faizi isə təmirdən sonrakı dəyər itkisidir.
Məsələn, qəzasız halda 25 min manat dəyərində olan avtomobildə təmir olunmamış zədənin bazar təsiri təxminən 5.2 min manat ola bilər. Bu rəqəm servis smetası deyil və dəqiq zərər üçün ekspert qiymətləndirməsi tələb olunur.
Nəticə olaraq, iyulda median qiymətin 5 faiz azalması real ucuzlaşmanı deyil, əsasən bazardakı təklif strukturunun dəyişməsini əks etdirir. Hedonik modelin qiyməti izah etmə qabiliyyəti isə 93.3 faiz təşkil edib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)