Zərgərlik alarkən qızıl örtüklü və ya digər metallardan hazırlanmış əşyaları həqiqi qızıldan ayırmaq bəzən çətin olur. Xüsusilə yeni məhsullarda saxtakarlığı müəyyən etmək mümkün olmaya bilər.
Milli.Az xəbər verir ki, zərgər Arina Damaevanın sözlərinə görə, alıcı ilk növbədə məhsulun əyarına diqqət yetirməlidir. Əyarın olması məhsulun mütləq orijinal olduğuna zəmanət verməsə də, onun ümumiyyətlə olmaması şübhə yaratmalıdır.
Ekspert həmçinin zərgərlik əşyasının çəkisinə və rənginə diqqət yetirməyi tövsiyə edir. Ölçüsünə nisbətən həddindən artıq yüngül olması, rəngin qeyri-bərabər görünməsi və bəzi hissələrdə başqa rəngli metalın üzə çıxması saxtalıq və ya qızıl örtüyün aşınması ilə bağlı ola bilər.
Xüsusilə tokalar, üzüyün daxili hissəsi, birləşmə yerləri və dəri ilə çox təmas edən sahələr diqqətlə yoxlanılmalıdır. Qızıl örtüyü adətən ilk olaraq məhz bu hissələrdə aşınır.
Qiymət də mühüm göstəricilərdən biridir. Bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətə təklif olunan məhsul alıcıda şübhə yaratmalıdır. Belə hallarda satıcıdan məhsulun tərkibi və əyarı barədə ətraflı məlumat almaq məsləhətdir.
Zərgər qızılı yoxlamaq üçün maqnit, yod, sirkə və keramika kimi xalq üsullarından istifadə etməməyi tövsiyə edib. Onun sözlərinə görə, bu üsulların çoxu etibarlı nəticə vermir və bəzi hallarda zərgərlik əşyasına zərər vura bilər.
Ən etibarlı üsullardan biri isə xüsusi cihazlarla yoxlamadır. Belə avadanlıqlar yalnız böyük zərgərlik mağazalarında deyil, bir çox lombardlarda da mövcuddur və məhsulun göstərilən xüsusiyyətlərə uyğun olub-olmadığını qısa müddətdə müəyyən etməyə imkan verir.
Ekspert xüsusilə toy üzükləri və digər bahalı zərgərlik əşyaları alarkən satıcıya sual verməkdən və lazım gəldikdə əlavə yoxlama tələb etməkdən çəkinməməyi məsləhət görüb.
Onun sözlərinə görə, alışdan əvvəl bir neçə dəqiqəlik diqqətli yoxlama gələcəkdə həm xoşagəlməz sürprizlərin, həm də əlavə xərclərin qarşısını ala bilər.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)