Gəncə və Tovuzun maşın bazarlarında durğunluq müşahidə olunur. Satışa çıxarılan avtomobillər çox olsa da, qiymətlərin yüksək olması alıcılarla satıcıların razılığa gəlməsini çətinləşdirir. Bazarda Rusiya istehsalı olan köhnə avtomobillərə tələbat yüksək olaraq qalır. Lakin son aylar bu maşınların qiymətində də artım var.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, qərb bölgəsinin ən böyük avtomobil ticarəti mərkəzi sayılan Gəncə Maşın Bazarında avtomobilini satmaq üçün gələnlərin sayı kifayət qədər olsa da, alıcılar təklif olunan maşınların qiymətlərindən narazıdırlar.
Maşın almaq istəyənlər qiymətlərin yüksək olduğunu və onları qane etmədiyini deyirlər.
Satıcılar bildirirlər ki, son vaxtlarda avtomobil bazarında ticarət əvvəlki kimi deyil. Onların sözlərinə görə, alıcıların əksəriyyəti təklif olunan qiymətlərlə razılaşmır və bazarlıq zamanı qiyməti əhəmiyyətli dərəcədə aşağı salmağa çalışır. Bazarda daha çox alınıb-satılan isə qiyməti nisbətən münasib olan köhnə sovet və Rusiya istehsalı avtomobillərdir.
Həftəsonları fəaliyyət göstərən Gəncə Maşın Bazarına yalnız şəhər sakinləri deyil, ətraf rayonlardan da alıcı və satıcılar gəlirlər.
Tovuzdakı avtomobil bazarında da qiymətlər yüksəkdir. Burada hər həftə təxminən 200 avtomobil satışa çıxarılır. Onun da 90%-ni buraxılış ili köhnə olan, istismar müddətini başa vurmuş hesab olunan Rusiya istehsalı avtomobillər təşkil edir. Ehtiyat hissələrinin və təmir xərclərinin ucuz, özünün də nisbətən ekonom olması bu cür avtomobillərə tələbatı artırır. Tələbat da belə nəqliyyat vasitələrinin satış sayı kimi qiymətlərini də yüksəldir. Alıcıların istədiyi qiymətlə satıcıların təklifi uzlaşmır.
Alıcılar isə qiymətlərin yüksək olmasından narazıdırlar. Onların sözlərinə görə, son 8 ayda qiymətlərdə təxminən 500-1000 manat arası artım müşahidə olunur.
Bildirilir ki, yaxın vaxtlarda qiymətlərdə enmə gözlənilmir.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)