Elektrik enerjisinə qənaət etmək və evdə təhlükəsizliyi artırmaq istəyən bir çox insan məişət cihazlarını istifadə etdikdən sonra elektrik şəbəkəsindən ayırır. Bu yanaşma bəzi cihazlar üçün doğru olsa da, hamısına şamil edilmir.
Elə cihazlar var ki, onları mütəmadi olaraq cərəyandan çıxarmaq ciddi problemlərə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, belə texnikanın tez-tez enerjidən ayrılması nasazlıqlara, hətta bəzi hallarda cihazın tam sıradan çıxmasına gətirib çıxara bilər. Təmir və ya yeni cihaz almaq üçün çəkilən xərc isə elektrik enerjisinə edilən cüzi qənaətdən qat-qat çox ola bilər.
Evdəki Wi-Fi router
Wi-Fi router müasir evlərin əsas elektron cihazlarından birinə çevrilib. Ona eyni anda smartfonlar, kompüterlər, planşetlər, ağıllı dinamiklər, IP-telefonlar, müşahidə kameraları və digər cihazlar qoşula bilər.
Bir çox insan elektrik enerjisinə qənaət etmək üçün routeri gecə söndürür. Lakin mütəxəssislərin fikrincə, bu, faydadan çox problem yarada bilər.
Router hər dəfə yenidən işə salındıqda qoşulmuş cihazlarla sinxronizasiya problemləri yarana bilər. IP-telefon şəbəkədə qeydiyyatı itirə, ağıllı lampalar və rozetkalar isə bəzi parametrləri yenidən qurmalı ola bilər.
Routerlərin elektrik sərfiyyatı isə adətən çox azdır. Buna görə cihazın sutka ərzində işləməsi ciddi xərc yaratmır.
Routerin daim işləməsi ev internetinin daha stabil qalmasına kömək edir.
OLED televizorlar
OLED televizorlar üzvi işıq diodları texnologiyası sayəsində yüksək görüntü keyfiyyəti təqdim edir. Lakin bu texnologiyanın özünəməxsus xüsusiyyətləri var.
Televizor ekranı söndürüldükdən sonra belə bəzi modellərdə piksel yenilənməsi və kalibrasiya prosesləri avtomatik şəkildə davam edir. Bu proseslər ekranın üzvi elementlərinin köhnəlməsini kompensasiya etməyə və görüntünün ekranda qalıcı iz buraxması riskini azaltmağa kömək edir.
Televizoru hər dəfə rozetkadan çıxarmaq bu proseslərin yarımçıq qalmasına səbəb ola bilər. Nəticədə ekranda qeyri-bərabər görüntü, qalıq təsvirlər və ya müəyyən hissələrdə yanma effekti yarana bilər.
OLED televizor istehsalçıları adətən cihazı pult vasitəsilə söndürməyi və elektrik şəbəkəsindən tam ayırmamağı tövsiyə edirlər. Bu halda televizor kalibrasiya və digər xidmət proseslərini düzgün şəkildə tamamlaya bilir.
Mürəkkəbli printerlər
Mürəkkəbli printerlər də tez-tez elektrikdən ayrılmağa həssas cihazlar sırasındadır.
Printer hər dəfə işə salındıqda çap başlığının təmizlənməsi və yoxlanılması prosesi avtomatik başlaya bilər. Bu zaman müəyyən miqdarda mürəkkəb sərf olunur. Cihazın mütəmadi söndürülüb-yandırılması isə bu proseslərin sayını artıraraq kartriclərin daha tez boşalmasına səbəb ola bilər.
Printer uzun müddət enerjisiz qaldıqda çap başlığındakı nazik kanallarda mürəkkəbin quruması riski də artır. Bu isə çap keyfiyyətinin pisləşməsinə və çap başlığının tutulmasına gətirib çıxara bilər.
Çap başlığının təmizlənməsi və ya dəyişdirilməsi isə baha başa gələ bilər. Bəzi hallarda bu detalın qiyməti yeni printerin dəyərinin yarısına qədər çata bilər.
Gözləmə rejimində printer çox az elektrik sərf edir. Buna görə cihazı daim rozetkada saxlamaq bəzi hallarda mürəkkəb və təmir xərclərinə qənaət etməyə imkan verir. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)