Nə ABŞ, nə də İran tam qələbə qazana bilər - Səbəb

16 Avqust 2026 14:25

ABŞ və İran uzun müddət davam edən müharibəyə qərq olublar. Bu münaqişədə tərəflərdən heç biri həlledici qələbə qazanmaq iqtidarında deyil və münaqişənin başa çatdırılması üçün aydın yol görünmür.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Blumberq" məlumat yayıb.

Nəşrin qiymətləndirməsinə görə, hazırkı qarşıdurma Vaşinqton və Tehran arasında təxminən yarım əsrlik düşmənçiliyin nəticəsidir, həmçinin müharibənin yaxın zamanda başa çatacağına dair ciddi əlamətlər hələlik yoxdur. Münaqişə təkrarlanan hərbi əməliyyatlar dövrləri ilə davam edir, lakin nə ABŞ, nə də İran həlledici üstünlük əldə edə bilmir.

Nəşr hesab edir ki, hətta danışıqların keçirilməsi belə tərəflər arasındakı fundamental ziddiyyətləri uzun müddət aradan qaldırmaya bilər.

Məlumata görə, bu qarşıdurma zaman-zaman atəşkəslərlə dayandırıla, daha sonra isə yeni zərbələr dalğası ilə yenidən başlaya bilər.

Eyni zamanda, Hörmüz boğazının yenidən bağlanması ehtimalı da mövcuddur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)