Fransa Prezidenti Emmanuel Makron ölkədə anomal isti hava və meşə yanğınlarının davam etdiyi bir vaxtda Kot d"Azur sahillərində istirahətindən çəkilmiş fotolarının yayımlanmasından sonra müxalifətin tənqidinə məruz qalıb.
Milli.Az report-a istinadən xəbər verir ki, Makron Fransanın cənubunda, prezident iqamətgahı Fort Breqanson ərazisində məzuniyyətdədir. Bu dövrdə ölkənin müxtəlif bölgələrində güclü istilər və meşə yanğınları müşahidə olunur.
"Avropa - Ekologiya - Yaşıllar" partiyasının milli katibi Marin Tondelye fransız xalqının "apokaliptik yay" keçirdiyini, prezidentin isə məzuniyyəti zamanı özünə "reklam fotosessiyası" təşkil etdiyini bildirib.
Fransa Sosialist Partiyasının birinci katibi Olivye For da Makronu tənqid edib. O qeyd edib ki, bir çox vətəndaş istirahətə getmək imkanına malik olmadığı halda, prezident hidrosikldə əylənir.
Makronun komandası isə fotoların icazəsiz çəkildiyini bildirib. "Paris Match" jurnalında yayımlanan materialda prezidentin məzuniyyət zamanı telefonla işgüzar əlaqələri saxladığı və gündəlik idmanla məşğul olduğu da qeyd olunub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)