"Qardaş, kaş bu günü tarixdən silə bilərdim" - Vüsalə Əlizadə (Video)

15 Avqust 2026 21:39

Aparıcı Vüsalə Əlizadə mərhum qardaşı Əlihüseynin məzarından görüntü paylaşıb.

Milli.Az xəbər verir ki, aparıcı qardaşının ölüm ildönümündə onun məzarını ziyarət edib.

V.Əlizadə atasının və qardaşının məzarından görüntüləri sosial şəbəkə hesabında paylaşaraq "Sonsuz sevgim" şərhini yazıb və bunları əlavə edib:

"Canım çox yandı, çox yanır, çox... Hər gün yanır, hər xatirəmdə, hər andımda, hər haqqıma giriləndə, hər şər-böhtanda, hər kürəyimdən vurulanda, hər arxama dönüb tək olduğumu görəndə. Sənin acın heç dinmədi, yanğın heç sönmədi ki... Dağ boyda dağım, torpaqda böyüyənim, "sənin arxanda mən varam" deyib əhdinə vəfasız çıxanım.

Mən sizin üçün çox darıxıram. Hər ikinizə o qədər ehtiyacım var ki...  Deyirlər, insan uşaq vaxtı yetim qalmasın, sonra başının çarəsinə baxar. Yox, yetimlik acısının vaxtı, zamanı, yaşı yoxdur. Hələ qadınsansa, hələ tək qadınsansa. Mən çox pisəm, çox. 

Hərdən o qədər gücsüz, o qədər köməksiz, o qədər sevgisiz qalıram ki... Hərdən o qədər atama, qardaşıma "deyərəm", "demək istəyirəm" ki... Amma siz ikiniz də mənim gücümü, iradəmi, dürüstlüyümü bilirdiniz. Elə ona görə də dimdik, güclü halımla ayaqdayam.

Amma kürəyimi söykəyəcəyim dayağa, başımı qoyacağım çiyinə möhtacam. Sizi bircə dəfə görmək üçün, dərdlərimi, ürəyimdəki qubarları bölüşmək üçün ömrümdən də pay verərdim. Kaş... Kaş ki, bu günü tarixdən silə biləydim, qaqaş".

Qeyd edək ki, Vüsalə Əlizadənin qardaşı Əlihüseyn 2021-ci ildə avtomobil qəzasında dünyasını dəyişib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)