Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama (Foto)

15 Avqust 2026 14:12

"Sea Breeze" istirahət mərkəzində baş verən və azyaşlının ölümü ilə nəticələnən faciə ilə bağlı Emin Ağalarov məlumat yayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  Emin Ağalarov hadisə ilə bağlı məlumatı şəxsi sosial media hesabında paylaşıb.

O, özünün və "Sea Breeze" komandasının adından mərhum uşağın ailəsinə dərin hüznlə başsağlığı verib.

Açıqlamada bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır və baş verənlərin bütün detalları müəyyənləşdirilir. Emin Ağalarov qeyd edib ki, təhlükəsizlik məsələləri daim əsas prioritetlərdən biridir və baş verən hadisədən sonra təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi istiqamətində əlavə addımlar atılacaq.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, ötən gün "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "Sea Breeze" istirahət mərkəzində hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat başa çatıb. Xilasedicilər və təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)