"28 May" stansiyasının fəaliyyəti olduğu kimi qalacaq, lakin Yaşıl xətt üzrə qatarların hərəkət prinsipi dəyişdirilir"

15 Avqust 2026 13:17

Bakı metropolitenində artıq yeni bir dövr başlanır.

Bunu APA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

O deyib ki, bu günə qədər Bakı metropoliteni bütün mümkün texniki tədbirləri görərək minimum intervalları təmin etmişdi: "Amma bundan sonraki dövrdə artıq dünya təcrübəsində də olduğu kimi, daha az intervalların təmin edilməsi istiqamətində prinsipial günün başlanğıcını deyə bilərik. Düzdür, qarşıdakı dövrdə artıq müəyyən məhdudiyyətlər olacaq. Sərnişinlərimiz 28 May, Nizami istiqamətində hərəkət edə bilməyəcəklər. Bir sözlə, Qırmızı xətt üzrə İçərişəhər, Həzi Aslanov olmaqla qatarların hərəkəti təmin ediləcək. 28 May stansiyasının fəaliyyəti olduğu kimi qalacaq. Amma Yaşıl xətt üzrə qatarların hərəkət prinsipi dəyişdirilir. Qatarlar Dərnəgül-Nizami istiqamətində hərəkət edəcək. Qırmızı xətt üzrə intervallar 2 dəqiqə 30 saniyə, Yaşıl xətt üzrə hazırda 3 dəqiqə 30 saniyədir. Amma bundan sonraki dövr üzrə artıq monitorinqlərin daha da sıxlaşdırılması ilə axın istiqamətləri öyrəniləcək".

Onun sözlərinə görə, həm intervalların azaldılması, həm də sərnişinlərin məlumatlandırılması istiqamətində əhəmiyyətli yeniliklər ediləcək: "Bu gündən etibarən Bakı metropolitenin stansiyalarında könüllülərin fəaliyyəti təmin olunacaq, eyni zamanda stansiyalara əlavə işçi qüvvəsi ayrılmaqla sərnişinlərin artıq giriş sahəsində məlumatlandırılması istiqamətində əhəmiyyətli tədbirlər görüləcək ki, hər hansısa bir çaşqınlıq bundan sonraki dövrdə müşahidə olunmasın. Tikinti işlərinin 11 ay ərzində davam etdirilməsi proqnozlaşdırır. Bu müddət ərzində sərnişinlərimiz Bakı metropolitenindən yan keçməklə Yaşıl və Qırmızı xətlər arasında hərəkət etmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilmiş 6 ekspres marşrut və eyni zamanda gücləndirilmiş 20 müntəzəm avtobus marşrutlarından istifadə edə bilərlər. Bütün bunların hər birisi ayrı-ayrılıqda monitorinqləri aparılaraq sərnişinlər üçün mümkün bütün rahatlıqların təmin olunması istiqamətində işlər də aparılacaq".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)