Ukraynanın Lvov vilayətində məhkəmə 16 yaşlı qızının yetkinlik yaşına çatmayan oğlandan hamilə qalmasına görə ananı valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirməməkdə təqsirli bilib.
Milli.Az lent.az-a istinadən bildirir ki, polis qızın anası barədə inzibati protokol tərtib edib. Məhkəmə qənaətə gəlib ki, qadın uşağın yaşayışı, təhsili və tərbiyəsi üçün zəruri şəraitin lazımi qaydada yerinə yetirməyib.
Məhkəmə iclasında qadın təqsirini etiraf edib. O, gələcəkdə övladının belə hərəkətə yol verməyəcəyinə ümid etdiyini bildirib.
Məhkəmə qadının ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, təqsirini etiraf etməsini və peşmanlığını nəzərə alıb. Onun məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilməyib.
Qərara əsasən, ana 850 qrivna (32 manat) məbləğində cərimələnib. Bundan əlavə, o, 665 qrivna (25 manat) məhkəmə rüsumu ödəməlidir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)