Afaq Bəşirqızı: "Onun üçün çox darıxıram, amma bildirmirəm..."

15 Avqust 2026 16:14

Bu gün, avqustun 15-də Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli, Prezidentin fəxri təqaüdçüsü Afaq Bəşirqızının doğum günüdür. Sevilən sənətkar 71 yaşını qeyd edir.

Musavat.com-un əməkdaşı Xalq artistinin doğum günü münasibətilə hisslərini, yaradıcılıq planlarını və qarşıdakı dövr üçün arzularını öyrənib.

Müsahibəni təqdim edirik:

-Doğum gününüzü necə qeyd edirsiniz? Sağlamlığınız necədir, özünüzü necə hiss edirsiniz?

-Allaha şükür! Belə bir gündə gərək hər şeyə "yaxşıyam, gözələm, sağlamam, şükürlər olsun" deyəsən. Ümumiyyətlə, maşallah, yaxşıyam. Yavaş-yavaş artıq bərpa olunuram. Ad günümü də ailəmlə, yaxınlarımla birgə keçirəcəyik.

-Nəvənizi də bu günlərdə əsgər yola saldınız...

-Hə... Onun üçün çox darıxıram. Amma yanında bir o qədər də büruzə verməməyə çalışıram. Allah qoysa, inşallah, bir az vaxt keçsin, yanına gedəcəm.

-Afaq xanım, sentyabrda başlayacaq yeni mövsümdə sizi teatrda və serialda görə biləcəyikmi?

-Əlbəttə. Mən "Space" kanalı ilə birillik müqavilə bağlamışam. Bu, bir sürpriz olacaq. Həm serial, həm də tamaşaçılarla görüş xarakterli gözəl bir veriliş yayımlanacaq.

-Bəs teatrda?

-Əlbəttə, teatrda da planlarım var. Allah qoysa, inşallah, mütləq reallaşdıracağıq.

-Yeni yaşını qeyd edən Afaq Bəşirqızına nə arzulamaq istərdiniz?

-Mən Afaq Bəşirqızına yalnız və yalnız cansağlığı arzulayıram. Cansağlığı olanda Afaq Bəşirqızı çox güclü olur və istədiyi arzuları Allahın köməkliyi ilə yerinə yetirə bilir. O arzular da yalnız səhnədə olmaq, tamaşaçıları təbəssümə və gülüşə həsrət qoymamaqdır".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)