Türkiyə Superliqasında 2026/2027-ci illər mövsümünün startı verilib.
Milli.Az xəbər verir ki, yeni mövsümün ilk qarşılaşmasında son çempion "Qalatasaray" doğma meydanda Superliqanın debütantı "Çorum"la qarşılaşıb.
"RAMS Park"da keçirilən görüş məhsuldar heç-heçə ilə başa çatıb. Tərəflər 90 dəqiqə ərzində 2:2 hesablı nəticə ilə kifayətləniblər.
Qarşılaşmada ilk qol ikinci hissədə vurulub. 52-ci dəqiqədə Viktor Osimhen "Qalatasaray"ı hesabda önə keçirərək yeni mövsümün ilk qolunun müəllifi olub.
Lakin "Çorum" geri düşdükdən sonra oyunun gedişini dəyişməyi bacarıb. 59-cu dəqiqədə Aleksandros Kiziridis fərqlənərək hesabı bərabərləşdirib.
Qonaqlar bundan cəmi iki dəqiqə sonra yenidən hücuma keçərək üstünlüyü ələ alıblar. 61-ci dəqiqədə Xesus Ramires "Çorum"un ikinci qolunu vuraraq komandasını 2:1 hesabı ilə önə çıxarıb.
Oyunun son dəqiqələrində isə Viktor Osimhen səhnəyə yenidən çıxıb. 90-cı dəqiqədə vurduğu ikinci qolla hücumçu həm dublunu rəsmiləşdirib, həm də qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib - 2:2.
Beləliklə, Türkiyə Superliqasının 2026/2027-ci illər mövsümünün açılış matçında komandalar hərəyə bir xal qazanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)