Azərbaycanda 1144 satınalma üzrə yekun protokol ləğv edilib

14 Avqust 2026 17:00

2026-cı ilin birinci yarısında Azərbaycanda müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1144 yekun protokol ləğv edilib.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavini Mirzə Mirzəyev "Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri" mövzusunda keçirilən təlimdə deyib.

O bildirib ki, satınalma proseslərinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə nəzarət satınalma sisteminin mühüm elementlərindən biridir.

"Bu prosesdə iştirak edən hər bir tərəfin funksiyası qanunvericiliklə müəyyən edilir. Dövlət satınalan təşkilatları satınalma prosesini həyata keçirir, sahibkarlar təkliflərini təqdim edir, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə dövlət satınalmaları sisteminin tənzimlənməsi, metodoloji dəstəyin göstərilməsi, monitorinq və nəzarət funksiyalarını həyata keçirir", - deyə Mirzə Mirzəyev qeyd edib.

Agentlik sədrinin müavini bildirib ki, dövlət satınalmaları ilə bağlı müraciətlərin çevik emalı və qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsi istiqamətində də tədbirlər görülüb.

O vurğulayıb ki, çoxiştirakçılığın təmin edilməsi iqtisadi fəallığın stimullaşdırılmasına xidmət edir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)