Türkiyənin "Sakaryaspor" klubuna transfer olunan Azərbaycan millisinin üzvü Aysun Muradovanın hədəfi çempionluqdur.
Futbolçu bunu "Report"a açıqlamasında deyib.
22 yaşlı müdafiəçi klubun ambisiyalarının hədəfləri ilə üst-üstə düşdüyünü qeyd edib:
"Klub rəhbərliyinin hədəfinin çempionluq olduğunu bildirməsi məni daha da cəlb etdi. Çünki keçdiyim hər bir komandada əsas istəyim zirvəyə yüksəlməkdir. Onlar məni müdafiə xəttində görmək istədiklərini və güvəndiklərini vurğuladılar. Əvvəllər 'Sakaryaspor'a rəqib olmuşam, oyun tərzimə bələddirlər. Əlbəttə, etimadı doğrultmağa çalışacağam".
A.Muradova fərqli klublarda çıxış etməyin təcrübəsini artırdığını diqqətə çatdırıb:
"Müxtəlif komandalarda oynamaq mənə hər il yeni həyəcan və təcrübə bəxş edir, fərqli nüanslar öyrədir. Bu, çempionata uyğunlaşmaq baxımından müsbət təsir göstərəcək. Böyük maraq və istəklə yarışların başlamasını gözləyirəm".
O, Türkiyə liqasındakı rəqabət səviyyəsinə də toxunub:
"Burada ildən-ilə inkişaf, mübarizə və rəqabət səviyyəsi artır. Bu mövsümdə də gərginliyin yüksək həddə olacağını düşünürəm".
Qeyd edək ki, "Sakarya" Türkiyə I Liqasında mübarizə aparır. Aysun Muradova daha əvvəl qardaş ölkədə "Kayseri Kadın FK" və "Kireçburnu" klublarının formasını geyinib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)