Xalq artisti Nazpəri Dostəliyeva həyatından və keçdiyi çətinliklərdən danışıb.
Milli.Az xəbər verir ki, sənətçi "Günə uğurla" verilişində həyatının filmə sığmayacaq qədər hadisələrlə zəngin olduğunu bildirib:
"Həyatım bir filmə sığışmaz. Həyatımda Allahımdan verilən hər şeyi qəbul edib, şükür etmişəm. Allah mənə elə bir səs verib ki... Böyük sevgi yaşayıram, məni sevənlərimin sevgisi əhatə edib. Sevənlərim olmasaydı, cismi gəzirdi, mən yox idim".
Müğənni həyatında yaşananları silmək istəmədiyini deyib:
"Həyatımda yaşadıqlarımın çıxmasını istəmirəm. Həyatım bir filmdir. Allahın yaşatdığı hər gün alın yazımdır. Onları necə həyatımdan çıxardım? Üsyan etmirəm. Elə çətinliklər yaşamışam ki, kişi belə yaşamazdı. Allahın verdiyi dərdi qəbul etmişəm, səbr etmişəm".
Dostəliyeva qadınların hər zaman güclü olmaq məcburiyyətində qalmamasını arzuladığını vurğulayıb:
"Qadınları güclü görmək istəmirəm. Güclü qadının cəfası çox olur. Qadınlar xoşbəxt olmalıdır, nəvaziş görməlidir. İnsan çətin günlər yaşayanda bir az da güclənir, hər şeyi bacarır. Qadınlar güclü olmasın, onları sevgi əhatə etsin". (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)