Paket çay içənlər diqqət: Milyardlarla zərrəcik buraxır

14 Avqust 2026 08:41

İspaniya və Almaniyadan olan alimlərin birgə apardıqları və "Chemosphere" jurnalında dərc olunan yeni bir araşdırma paket çayların isti su ilə təmasda olarkən suya milyardlarla nano ölçülü zərrəcik buraxdığını üzə çıxarıb.

Milli.Az xəbər verir ki, araşdırma çərçivəsində bazarda geniş yayılmış neylon-6, polipropilen və sellüloz bio-əsaslı polimerdən istehsal edilən 300 çay paketi 95 dərəcə isti suda sınaqdan keçirilib. Əldə edilən məlumatlara əsasən, polipropilen paketlər millilitr başına 1,2 milyard zərrəcik yayaraq ən yüksək ifrazatı həyata keçirib. Sellüloz əsaslı paketlər millilitr başına 135 milyon zərrəcik buraxıb, lakin bu zərrəciklərin ölçüsü polipropilenin ölçüsü ilə müqayisədə iki dəfə böyük ölçülüb. Neylon-6 paketlər isə millilitr başına 8,18 milyon zərrəciklə ən az ifrazat edən material olub.

İnsan hüceyrələri üzərindəki təsiri araşdırılıb
Tədqiqat qrupu aşkar edilən zərrəciklərin insan bağırsaq hüceyrələri üzərindəki təsirini başa düşmək məqsədilə 24 saatlıq bir mədəniyyət testi tətbiq edib. Araşdırmalarda zərrəciklərin hüceyrə nüvələri ilə qarşılıqlı əlaqəyə girdiyi müəyyən edilib. Buna baxmayaraq məruz qalan hüceyrələrdə birbaşa ölçülə bilən bir zədə və ya əlavə reaktiv oksigen istehsalı müşahidə olunmayıb. Mütəxəssislər indiyə qədər paket çay istifadəsi ilə əlaqədar orqan zədəsi və ya xərçəng riskinin artmasına dair konkret epidemioloji sübutun olmadığını bildirərkən, plastik əsaslı bu materialların ətraf mühitdə tamamilə zərərsiz şəkildə yox olub-olmaması məsələsində qeyri-müəyyənliyin davam etdiyinə diqqət çəkiblər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)