Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq (Foto)

13 Avqust 2026 21:12

Oktyabrın 28-dən noyabrın 8-dək Bakı yenidən dünya incəsənətinin mərkəzinə çevriləcək: Azərbaycanın paytaxtı Bakı Beynəlxalq İncəsənət Festivalına (BIAF) ev sahibliyi edəcək. 2025-ci ildən bəri keçirilən genişmiqyaslı, multidisiplinar festival müasir dünya səhnəsinin əsas simalarını, o cümlədən rəssamları, xoreoqrafları, rəqqasları, musiqiçiləri, tanınmış ifaçıları və rejissorları bir araya gətirəcək.

Festivalın teatr proqramı Lev Dodinin Anton Çexovun eyniadlı pyesi əsasında hazırladığı və böyük rəğbət qazanan "Qağayı" tamaşasının nümayişi ilə açılacaq. Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən "Malıy" Dram Teatrının - Avropa Teatrının bu yaxınlarda baş tutmuş, nüfuzlu "Qızıl Sofit" və "Qızıl Maska" mükafatlarına layiq görülmüş premyerasını 29 və 30 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində izləmək mümkün olacaq.

Görkəmli rejissor uzun illərdir Çexov dramaturgiyasına müraciət edir. Tamaşa klassik əsərin daha dərin və özünəməxsus təfsiridir. Tamaşada Çexovun sənət və həyat haqqında fəlsəfi düşüncələri əsərin dramaturji quruluşuna üzvi şəkildə daxil edilir.
Dodinin növbəti Çexov dünyasını yaratdığı aktyor ansamblı da möhtəşəmdir: İqor Çerneviç - Triqorin, Yelizaveta Boyarskaya - mürəkkəb, təsirli və qeyri-adi Arkadina, Sergey Kurışev - Sorin, Anna Zavtur - Zareçnaya, Yevgeni Zayfrid - Treplev, Oleq Ryazantsev - Medvedenko, Polina Sevastyanixina - Maşa obrazında çıxış edəcəklər. Müasir səhnənin ən görkəmli rəssamlarından biri olan Aleksandr Borovskinin metaforik səhnə tərtibatı - səhnə-göl obrazı və yırğalanan qayıqlar - Çexovun varlığın kövrəkliyi haqqında düşüncəsini təcəssüm etdirir. Dodinin sözlərinə görə, onun "Qağayı" tamaşası, xüsusilə də, sənət adamlarına və sənətdəki həyata həsr olunub: "Birdən-birə söhbətin sənətkarlardan - həyatı xüsusilə həssaslıqla duyan, ona özünəməxsus şəkildə və hər dəfə, deyərdim ki, bütün varlığı ilə reaksiya verən insanlardan getməsi önəm qazandı. Əslində, bu tamaşa daha çox özümüz haqqındadır - bu gün düşündüklərimiz, qarşılaşdığımız suallar, məsuliyyətimiz və məsuliyyətsizliyimiz haqqında".

"Qağayı" tamaşasının nümayişlərindən dərhal sonra elə həmin səhnədə festivalın tamaşaçıları dünya ədəbiyyatı klassikasının daha bir fərqli yozumunu izləyə biləcəklər. 1 və 2 noyabr tarixlərində Tel-Əvivin məşhur "Qeşer" Teatrı öz nəslinin ən nüfuzlu rejissorlarından biri - Dmitri Krımovun yeni tamaşasını təqdim edəcək. Onun teatrı təxəyyül və oyun qanunları ilə yaşayır; reallıqla dərindən bağlı olan təhlükəli, ecazkar dərəcədə absurd bir oyunla. 2026-cı ilin iyununda premyerası baş tutan "Qanlı Mariya" (Bloody Mary) tamaşası əsərin yaranmasına ilham verən Fridrix Şillerin məşhur "Mariya Stüart" dramının nə səhnələşdirilməsi, nə də sadə illüstrasiyasıdır. Tamaşa rejissorun yaratdığı tamamilə yeni bir dünyanı təqdim edir. Bu dünya faciəli süjetin ayrı-ayrı fraqmentlərindən, onunla bağlı ortaq yaddaşımızdan, eləcə də "Mariya Stüart"ı müasir reallıqlar haqqında ciddi düşüncə və müzakirə üçün başlanğıc nöqtəsinə çevirən çağdaş həyatın özündən formalaşır. Saşa Demidovun Kraliça Elizabet, Yevgeniya Dodinanın isə Mariya Stüart obrazını canlandırdığı əsas personajlar qrotesk, az qala sirk obrazlarını xatırladan uydurma insan- simvollardır. Əsas personajlar gözlərimiz önündə canlanıb ətə-qana dolurlar: maskalar çatlayır, klounada etirafa, mücərrəd obrazlar isə canlı bədənə çevrilir. Bu teatrda gülüş hər zaman kədərli olanla yanaşı dayanır, oyun isə mövcudluq formasına və bizim bu qədər mürəkkəb həyatımız haqqında danışmaq üsuluna çevrilir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində təqdim olunacaq tamaşalar da kifayət qədər maraq doğuracaq. 5 və 6 noyabr tarixlərində dünya səviyyəsində tanınan xoreoqraf, əfsanəvi "Batsheva Dance Company" truppasından və Ohad Naharin məktəbinin yetirməsi Şahar Binyamini iki mühüm əsərini - "Yeni dünya" (New Earth) və "Bolero X" tamaşalarını "House of Dance Company"nin ifasında vahid bir proqramda təqdim edəcək. 

 "New Earth" rəqqasların sürünərək etdikləri hərəkətlərin üzvi və daim dəyişən fiqurlara çevrildiyi, hipnotik, demək olar ki, ilkin instinktləri xatırladan səhnə əsəridir. Tamaşanın premyerası 2025-ci ildə Avstriyada keçirilmiş "Bregenzer Frühling" festivalında baş tutub.

"Bolero X" isə Binyamininin Moris Ravelin orkestr repertuarının ən tanınmış əsərlərindən biri olan məşhur "Boléro" əsərinə verdiyi yeni yozumdur. 2023-cü ildə Vankuverdə fəaliyyət göstərən "Ballet BC" (Ballet British Columbia) üçün yaradılan tamaşa sonradan genişmiqyaslı ansambl əsərinə çevrilib. Tamaşanın tam versiyasında səhnədə eyni anda 50-yə qədər rəqqas çıxış edir və musiqinin getdikcə artan gərginliyi fonunda fərdiliklə kollektiv güc arasındakı münasibət araşdırılır. Qüsursuz reputasiyaya malik xoreoqraf olan Binyamini "Paris Operası", Milandakı "La Skala",  "Bordo Milli Baleti" kimi nüfuzlu teatr və kollektivlərlə əməkdaşlıq edir.

Bu il BIAF-ın əsas prinsiplərindən biri dünya səviyyəli, mədəni gündəmi formalaşdıran sənətçilərlə Azərbaycan sənətçiləri arasında sıx əməkdaşlığın qurulmasıdır. Bu yanaşma çərçivəsində Şahar Binyamini hər iki tamaşada iştirak etmək üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Bakı Xoreoqrafiya Akademiyasının rəqqasları arasından seçim edəcək. Xoreoqraf gənc rəqqaslarla məşqlər keçərək onları Bakı səhnəsindəki tamaşalara birbaşa cəlb edəcək.

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən ikinci Bakı Beynəlxalq İncəsənət festivalı (BIAF) Bakının ən seçilən səhnələrində müxtəlif janrları əhatə edən 20-dən çox tədbirlə yaddaqalan olacaq. Proqrama konsertlər, balet və teatr tamaşaları, film nümayişləri, sənətçilərlə görüş və ustad dərsləri daxildir. İncəsənətin möhtəşəm bayramı Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Monako, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən sənətçiləri və yaradıcı kollektivləri birləşdirəcək.

BIAF-2026-nın ətraflı proqramı və tədbirlərə biletlər festivalın rəsmi saytında əlçatan olacaq:biaf.az

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az