İtaliyanın Sardiniya adası sahillərində 30 metr uzunluğundakı "Angiola II" yaxtası dənizin dibinə qərq olub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisəyə yaxtanın mühərrikində yaranan nasazlıq səbəb olub. Nasazlıq nəticəsində yanğın baş verib və gəminin içərisinə su dolmağa başlayıb.
Məlumata görə, dəyəri 8 milyon avrodan çox olan yaxtanı italiyalı sahibkar hadisədən cəmi dörd gün əvvəl satın alıb.
Qəza baş verən zaman "Angiola II"də 14 nəfər olub. Onların hamısı vaxtında gəmini tərk edərək xilas olunub. Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilib.
Hazırda yaxtanın Kosta-Smeralda sahilləri yaxınlığında, təxminən 7 metr dərinlikdə yerləşdiyi qeyd olunur. Səlahiyyətli qurumlar gəminin sudan çıxarılması üçün hazırlıq işləri aparırlar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)