UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutacaq həlledici "Qarabağ" - "Dinamo Kiyev" dueli ərəfəsində Ukrayna klubunun əfsanəvi futbolçusu Oleq Kuznetsov gözləntilərini bölüşüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Ukrainskiy futbol" nəşrinə müsahibə verən veteran müdafiəçi "Dinamo Kiyev"in Bakıda olduqca gərgin və ağır sınaqla üz-üzə qalacağını vurğulayıb:
"Matçın çətin keçəcəyini proqnozlaşdırmaq üçün falçı olmağa gərək yoxdur. "Qarabağ" doğma divarlar arasında, komandadan ilk dəqiqələrdən hücum tələb edəcək coşqulu azarkeş ordusunun dəstəyi altında çıxış edəcək. Heç şübhəsiz ki, Bakıdakı cavab qarşılaşması ilk toqquşmadan xeyli aqressiv tempdə keçəcək. İnternetdəki məlumatlara əsasən, ilk matçdan öncə azərbaycanlı jurnalistlər və ekspertlər "Qarabağ"ın mütləq qələbə qazanacağına tam əmin idilər, onları düşündürən yeganə məsələ isə yekun hesabın necə olacağı idi.
Lakin hamı şahid oldu ki, hazırkı "Qarabağ" ötən mövsüm Çempionlar Liqasında fırtına qoparan həmin komanda deyil. Azərbaycan təmsilçisi bir neçə aparıcı oyunçusu ilə yollarını ayırıb və bu boşluqlar özünü qabarıq göstərir. İlk növbədə, Şotlandiyanın "Seltik" klubuna 5.5 milyon avroya satılan hücumçu Durandan bəhs edirəm".
İlk qarşılaşmada əldə edilən 1:0 hesablı zərif üstünlüyə rəğmən, Kuznetsov "Dinamo Kiyev"in Bakıda yalnız müdafiəyə çəkilməsini yolverilməz strategiya adlandırıb:
"Görünən odur ki, "Dinamo Kiyev" meydanda ehtiyatlı davranacaq. Ancaq indiyədək oyunöncəsi təlimatda "cərimə meydançamıza qapanıb ancaq müdafiə olunacağıq" əmrini verən məşqçiyə rast gəlməmişəm. Çox güman ki, əsas diqqət arxa xəttin təhlükəsizliyinə yönələcək, lakin bu, kor-koranə qapalı müdafiə demək deyil. Komanda daha çox sürətli əks-hücumlardan yararlanmağa çalışacaq".
Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Dinamo Kiyev" cavab matçının start fiti saat 20:00-da səslənəcək. Tərəflər arasında keçirilən ilk görüşdə Kiyev təmsilçisi 1:0 hesablı qələbəyə sevinmişdi.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)