Məktəbli formalarının qiymətləri açıqlandı

13 Avqust 2026 13:27

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a açıqlamasında Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov deyib.

Onun sözlərinə görə, bütün model məktəbli formaları hazırdır:

"Bütün mağazalarımız gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Satış mərkəzlərimizdən alınan bütün məktəbli formalarına 1 il zəmanət veririk. 8 mağazamız il ərzində istirahətsiz fəaliyyət göstərsə də, mövsüm indi başlayıb. Kifayət qədər malımız var, istənilən qədər forma istehsal edə bilərik. Bütün model və ölçüləri də mövcuddur".

E.Əzimov formaların qiymətləri barədə də məlumat verib.

Onun sözlərinə görə, ötən tədris ilində müəyyənləşdirilmiş endirimli qiymətlər olduğu kimi qalır və heç bir dəyişiklik tətbiq edilməyib:

"Oğlanlar və qızlar üçün 26-54 ölçü aralığında qısaqol köynəklər 12 manat, uzunqol köynəklər 14 manat, şalvar və ətəklər isə 15 manat təşkil edir. 30-50 ölçü aralığında nazik jaketlər 20 manat, kapüşonlu jaketlər 25 manat, 26-54 aralığında qalın jaketlər isə 22 manat müəyyənləşib. Bundan başqa, 26-54 ölçüdən böyük - yəni, 56-58-60 ölçü aralığında şalvar, ətək və köynəklərinin qiymətinə artıq parça sərfiyyatı səbəbindən 5 manat əlavə olunur".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)