2026-cı il UEFA Superkubokunun qalibi müəyyənləşib. Zalsburqdakı "Red Bull Arena"da keçirilən qarşılaşmada Fransanın "PSJ" klubu İngiltərənin "Aston Villa" komandasına 2:1 hesabı ilə qalib gəlib.
Milli.Az xəbər verir ki, görüşün baş hakimi Somalidən olan Ömər Əbdulqadir Artan olub.
Matçın ilk dəqiqələrində komandalar ehtiyatlı oyun nümayiş etdirib. Qarşılaşmada təşəbbüsü ələ alan "PSJ" 20-ci dəqiqədə hesabı açıb. Xviça Kvaratsxeliyanın dəqiq zərbəsi parisliləri önə keçirib.
İlk hissənin sonlarında "Aston Villa" hesabı bərabərləşdirib. 45-ci dəqiqədə 17 yaşlı Brayan Madjo Paço ilə mübarizədə üstün olaraq topu tora göndərib və fasiləyə 1:1 hesabı ilə gedilib.
İkinci hissənin əvvəlində Luis Enrike heyətdə dəyişiklik edib. Debüt edən Maqnes Akliuşun əvəzinə "Qızıl top" sahibi Usman Dembele meydana daxil olub.
62-ci dəqiqədə Dezire Duenin qolu "PSJ"yə yenidən üstünlük qazandırıb. Epizod zamanı "Aston Villa" futbolçuları hücumçunun ofsaydda olduğunu düşünsələr də, oyun davam edib və qol qeydə alınıb.
Bu qələbə ilə "PSJ" ardıcıl ikinci mövsüm UEFA Superkubokunu qazanıb və yeni mövsümdə ilk titulunu əldə edib. Matçın ən yaxşı oyunçusu isə qalibiyyət qolunun müəllifi Dezire Due seçilib.
Xatırladaq ki, ötən mövsüm "PSJ" Çempionlar Liqasının qalibi olub. Paris təmsilçisi finalda "Arsenal"ı əsas vaxtı 1:1 başa çatan qarşılaşmanın penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib.
"Aston Villa" isə Avropa Liqasının finalında "Frayburq"u 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)