Bəzən musiqi bizi zamanın dərinliklərinə qaytarmağı bacarır. İlk bir neçə not kifayətdir ki, insan özünü uzaq keçmişdə - 1941-ci ilin Bakı şəhərində, Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində cazın ilk dəfə səsləndiyi tarixi anda hiss etsin.
6 sentyabr 1941-ci ildə burada görkəmli iki sənətkarın - maestro Niyazinin və bəstəkar Tofiq Quliyevin rəhbərliyi ilə Dövlət Caz Orkestrinin ilk konserti baş tutub.
85 il ötür. Simvolikdir ki, yubiley tarixi yenidən həmin səhnədə və elə həmin gündə - 6 sentyabr 2026-cı ildə musiqiçiləri bir araya gətirəcək. Sanki musiqi tarixində bir dairə tamamlanacaq və hekayə bu dəfə yeni səslənmə ilə davam edəcək.
Bu axşam vaxtilə "Cəngi" və "Aypara" ansambllarının solisti olmuş, Azərbaycanı beynəlxalq musiqi layihələrində mütəmadi olaraq layiqincə təmsil edən Arzu Həsənli müasir caz intonasiyalarını milli musiqi ənənələri ilə birləşdirən müəllif etno-caz proqramını təqdim edəcək.
Yubiley konsertinin xüsusi iştirakçısı Təbrizdə doğulmuş və hazırda İstanbulda yaşayan caz müğənnisi Sənəm Əbdüləzimzadə olacaq. Azərbaycan tamaşaçısı onun "Xarıbülbül" festivalındakı parlaq çıxışını yaxşı xatırlayır. Müğənninin ifa repertuarına Azərbaycan və dünya bəstəkarlarının əsərləri daxildir.
Gecənin xüsusi qonağı isə tanınmış tarzən Şəhriyar İmanov olacaq. Onun sənəti Azərbaycanın ənənəvi musiqi mədəniyyəti ilə müasir caz estetikasını birləşdirən daha bir körpüyə çevriləcək.
Beləliklə, tarixi konsertdən 85 il sonra Azərbaycan cazı yenidən həmin səhnədə - bu dəfə yeni musiqi yozumunda səslənəcək.
Bu, sadəcə yubiley konserti deyil. Bu, keçmişlə bu günün görüşü, milli caz sənətinin təməlini qoymuş musiqiçilərə ehtiram və yaşamaqda, inkişaf etməkdə davam edən ənənənin yeni səslənməsidir.
Azərbaycan Dövlət Cazının 85 illiyini birlikdə qeyd etməyə və bu musiqi tarixinin bir hissəsinə çevrilməyə dəvət edirik.
Biletlərin əldə edilməsi üçün:https://iticket.az/events/concerts/85-years-later-2026
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az.