Kürdə batan 21 yaşlı oğlanın meyiti tapıldı - Yenilənib - (Video)

13 Avqust 2026 09:44

Mingəçevirdə Kür çayında batan 21 yaşlı oğlanın meyiti tapılıb. 

Milli.Az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 12 avqust tarixində Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 1.5 km aralı suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

xxx

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Milli.Az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

"Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək".

-------------

Mingəçevirdə Gəncə sakini su anbarında boğulub.

Milli.Az xəbər verir ki, Gəncə şəhər sakini, 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlu Mingəçevir su anbarında çimərkən boğulub.

Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)