ÇL: “Sabah”ın futbolçusu bombardirlik yarışında ilk pillədə

12 Avqust 2026 13:51

"Sabah"ın futbolçusu Velko Simiç bu mövsüm UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində bombardirlər siyahısında ilk pilləyə yüksəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, III raundun Danimarka "Orxus"u ilə Bakıdakı cavab oyununda fərqlənən serbiyalı yarımmüdafiəçi qollarının sayını 5-ə çatdırıb. Bununla da 31 yaşlı oyunçu zirvəni ələ keçirib.

Hazırda Simiçi hərəyə 4 qolla "Fənərbağça"dan Anderson Taliska və "Selye"dən Mario Kvesiç izləyir.

Qeyd edək ki, iki oyunun nəticəsinə (5:2) əsasən "Orxus"u mübarizədən kənarlaşdıran "Sabah" pley-off mərhələsində İsrailin "Hapoel" (Ber-Şeva) komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu ilk oyununu avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə, cavab matçını isə 25-də Bakıda keçirəcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)