Ermənistanın baş naziri Nikol Paşinyanın ortancıl qızı Şuşan Paşinyanın Ədliyyə Nazirliyində təcrübə keçdiyi məlum olub.
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb.
Şuşan Paşinyanın nazirliyin işçi müşavirələrindən birində iştirakını əks etdirən görüntülər ədliyyə naziri Srbuhi Qalyanın səhifəsində paylaşılıb. Müşavirədə fərdi məlumatların qorunması üzrə ayrıca qurumun yaradılması məsələsi müzakirə edilib.
Ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan bildirib ki, Şuşan Paşinyan nazirlikdə təcrübə keçir və "Nazirlə bir gün" proqramı çərçivəsində həmin müşavirədə iştirak edib. Bu proqramda nazirlikdə təcrübə keçən tələbələr iştirak edirlər.
Bununla belə, Şuşan Paşinyanın Ədliyyə Nazirliyinin konkret hansı strukturunda və hansı istiqamət üzrə təcrübə keçdiyi açıqlanmayıb.
Məlumata görə, Şuşan Paşinyan bir müddət əvvəl Almaniyada Robert Boş adına kolleci bitirib. Bundan sonra o, rəfiqəsinə məxsus tədris mərkəzində ingilis dili müəllimi kimi fəaliyyət göstərib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)