"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir

12 Avqust 2026 00:43

UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la həlledici cavab oyununa hazırlaşan Ukraynanın "Dinamo Kiyev" klubu ciddi itki ilə üzləşib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kiyev təmsilçisinin bir nömrəli qapıçısı Ruslan Neşeret paytaxtımızda baş tutacaq mühüm qarşılaşmada da yaşıl meydanda ola bilməyəcək.

Bu səbəbdən, komandanın çərçivəsi ilk görüşdə olduğu kimi yenə də ehtiyat əlcək sahibi Vyaçeslav Surkisə əmanət ediləcək.

Diqqətçəkən məqam ondan ibarətdir ki, gənc qapıçı vaxtilə "Dinamo Kiyev"ə rəhbərlik etmiş, hazırda isə deputat olan Qriqori Surkisin oğludur. Klubun hazırkı prezidenti İqor Surkis isə Vyaçeslavın əmisidir.

Xatırladaq ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Dinamo Kiyev" matçına saat 20:00-da start veriləcək. Tərəflər arasında baş tutan ilk görüşdə Kiyev təmsilçisi meydandan 1:0 hesablı qalibiyyətlə ayrılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)