Argentina millisinin və "İnter Mayami" klubunun ulduzu Lionel Messi atasının vəfatından sonra futbol fəaliyyətinə müddəti müəyyənləşdirilməyən fasilə verib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı futbolçu hələ ABŞ-yə qayıtmayıb. Messi hazırda ailəsinin yanında olmaq üçün Argentinanın Rosario şəhərində qalır.
Ulduz futbolçu bu səbəbdən Liqalar Kubokunun qrup mərhələsində Meksikanın "Monterrey" komandası ilə qarşılaşmada da meydana çıxmayıb. Onun "İnter Mayami"yə nə vaxt dönəcəyi ilə bağlı isə hələlik dəqiq tarix açıqlanmayıb.
Xatırladaq ki, Xorxe Messi avqustun 7-də uzun sürən xəstəlikdən sonra 68 yaşında Rosario şəhərindəki xəstəxanada dünyasını dəyişib. Onun vida mərasimi şəhərdə qapalı şəkildə keçirilib və burada yalnız ailə üzvləri ilə yaxınları iştirak edib.
Məlumata görə, Lionel Messi atasının ölümündən sonra bu çətin günlərdə ailəsinin yanında qalmağa üstünlük verib. Bu səbəbdən futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.
Qeyd edək ki, Lionel Messi 2023-cü ildən "İnter Mayami"nin formasını geyinir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)