Həmin kameralar radar deyil - DİN-dən AÇIQLAMA

11 Avqust 2026 10:34

Bakıda bəzi radarların yeri dəyişdirilməsi ilə bağlı iddia yayılıb. 

Milli.Az xəbər verir ki, iddia edilir ki, bu radarlara düşüb cərimələnənlər də var. Əvvəlki radarlar əks istiqamətdən çəkirdisə, hazırda eyni istiqamətdən çəkir, yəni hərəkət istiqamətinə doğru yönəlib.Yayılan məlumatlara görə, istiqamətin dəyişdirilməsində əsas məqsəd motosikletlərin müəyyənləndirilməsi idi. Çünki onların nömrələri arxa hissədə olduğu üçün radarlar onları müəyyənləşdirməkdə çətinlik çəkirdi.

Məsələ ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, görüntülərdə əks olunan qurğu sürət ölçən cihaz deyil. Sözügedən elektron cihaz yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin ölçülməsi və nəqliyyat axınının monitorinqi məqsədilə istifadə olunur.

Cihaz vasitəsilə nəqliyyat vasitələrinin hərəkət intensivliyi ilə bağlı məlumatlar toplanılır və bu məlumatlar yol hərəkətinin təşkili, nəqliyyat axınının təhlili və idarə olunması prosesində istifadə edilir.

Qeyd olunan qurğunun inzibati xəta barədə elektron protokol tətbiq etmək funksiyası yoxdur.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)