"Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" (TRIPP) adlı multimodal tranzit marşrutu tədricən ideyadan praktiki icra mərhələsinə keçir.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ, Ermənistan və Azərbaycanın Ağ Evdə keçirilmiş sülh sammitinin birinci ildönümü ilə bağlı birgə bəyanatında bildirilib.
"Multimodal tranzit marşrutu olan 'Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu' (TRIPP) infrastrukturun inkişafına rəhbərlik edəcək TRIPP Development Company şirkətinin yaradılması ilə bağlı ABŞ və Ermənistan arasında əldə olunan razılaşma da daxil olmaqla, konkret irəliləyişlər sayəsində ideyadan reallığa çevrilir", - deyə bəyanatda qeyd olunub.
Bildirilib ki, Ermənistanda artıq mühəndis-axtarış işləri aparılır. Azərbaycan isə öz ərazisində Ermənistan ərazisində TRIPP marşrutuna birləşəcək avtomobil və dəmir yollarının tikintisini demək olar ki, başa çatdırıb.
Bundan əlavə, ABŞ, Ermənistan və Azərbaycan TRIPP marşrutu boyunca elektrik verilişi xəttinin tikintisini də dəstəkləyir.
Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyada Transxəzər Ticarət Marşrutuna, yaxud Orta Dəhlizə özəl sektor investisiyalarının cəlb edilməsi məqsədilə Transxəzər Marşrutu üzrə Sahibkarlıq Fonduna 201 milyon dollar ayırıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)