Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin hostel, üçüncü mərtəbəsinin isə hotel kimi "Kristal AA" MTK tərəfindən icarəyə verilməsi sakinlərin narazılığına səbəb olub.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bir qrup sakin "Xəzər Xəbər"ə müraciət edərək idda ediblər ki, "Kristal AA" MTK-ya məxsus binada antisanitar vəziyyət yaranıb, səs- küydən gecələr mənzillərində rahat yaşaya bilmirlər. MTK isə onların bu vəziyyətinə biganə yanaşır.
Sakinlər deyirlər ki, bununla bağlı MTK rəhbərliyinə dəfələrlə müraciət etsələr də, onların narazılığına məhəl qoyulmayıb.
Sakinlərin iddialarına aydınlıq gətirmək məqsədi ilə əvvəlcə "Kristal AA" MTK rəhbərliyi ilə əlaqə saxlasaq da, sualımızı dinləyib dəstəyi asdılar.
Daha sonra eyni adlı hotelə müraciət etdik. Onlar da kameramızın obyektivindən yayındılar.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə bildirib ki, qeyd olunan ərazidə hotel əməkdaşları tərəfindən antisanitar vəziyyət yaradılması ilə bağlı vətəndaşların polisə müraciəti əsasında araşdırma aparılıb və inzibati qaydada protocol tərtib olunub. Eyni hal təkrarlanacağı təqdirdə daha ciddi məsuliyyət tədbirləri görüləcək.
Sakinlər isə problemin tezliklə həll ediləcəyinə ümid edirlər.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)