Tərkibindəki güclü antioksidantlarla yağ mübadiləsini tənzimləyən yaşıl çayın qaraciyər fermentlərini bir neçə həftə ərzində aşağı saldığı və xərçəng riskini azaltdığı açıqlanıb.
Milli.Az xəbər verir ki, müntəzəm yaşıl çay istehlakının, xüsusilə də qaraciyər piylənməsi (steatoz) olan şəxslərdə qaraciyər sağlamlığı göstəricilərini yaxşılaşdıra bildiyi bildirilib. Mütəxəssislər yaşıl çayın tərkibindəki bitki tərkibli birləşmələrin qaraciyər funksiyaları üzərindəki təsirlərini incələyiblər.
Bədəndə qanı təmizləmək, öd istehsalı, qlükoza və xolesterin balansını qorumaq kimi kritik vəzifələri yerinə yetirən qaraciyər yaşıl çayda yüksək miqdarda olan epigalokatexin gallat (EGCG) və digər katexin birləşmələri ilə dəstəklənir. EGCG-nin oksidativ stresi azaltmaqda, iltihablanma proseslərini yüngülləşdirməkdə və qaraciyər hüceyrələrindəki yağ mübadiləsini tənzimləməkdə rol oynadığı qeyd edilib. Araşdırmalar bu təsirin xüsusilə də artıq çəki, tip 2 diabet və ya yüksək trigliserid səviyyələri ilə müşayiət olunan Metobolik Əlaqəli Yağlı Qaraciyər Xəstəliyi (MASLD) diaqnozu qoyulmuş şəxslərdə daha qabarıq şəkildə üzə çıxdığını göstərir.
Dietoloq Coanna Kats və dietoloq Malina Malkani qiymətləndirmələrinə əsasən, gündə 3-4 fincan yaşıl çay içmək qaraciyərdəki iltihabın göstəricisi olan ferment səviyyələrini bir neçə həftə ərzində aşağı sala bilir. EGCG birləşməsinin eyni zamanda hüceyrələrdəki zədələnmiş ünsürlərin təmizlənməsini təmin edən otofagiya mexanizmini də dəstəklədiyi qeyd olunub. Uzunmüddətli dövrdə hər gün yaşıl çay içməyin qaraciyər piylənməsi və qaraciyər xərçəngi riskini azaltmağa kömək edə biləcəyi bildirilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)