Sabunçu rayonunun Pirşağı qəsəbəsində, yerli sakinlərin "Dəmir yolu" küçəsi adlandırdığı ərazidə bir neçə problem yaşanır.
Milli.Az xəbər verir ki, sakinlər bildirirlər ki, küçədə asfalt örtüyünün olmaması gündəlik hərəkəti çətinləşdirir. Bu vəziyyət xüsusilə hərəkət imkanları məhdud şəxslər üçün ciddi narahatlıq yaradır. Sakinlərdən biri qeyd edib ki, 18 yaşlı hərəkət məhdudiyyətli qızın anası onu dəmir yolunun kənarı ilə qucağında aparmağa məcbur qalır.
Ərazidə işıqlandırma və su təchizatı ilə bağlı da problemlərin olduğu deyilir. Sakinlərin sözlərinə görə, bəzi hallarda həyətlərə su dolur və görülən müvəqqəti tədbirlər problemin tam həllinə imkan vermir.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, "Dəmir yolu" küçəsinin asfaltlanması ilə bağlı aidiyyəti quruma müraciət edilib və işlərin dövlət investisiya proqramına salınması təklif olunub.
Qurum əlavə olaraq bildirib ki, ərazidə tullantı konteynerləri, küçə işıqlandırması və su xətti ilə bağlı məsələlər də müvafiq xidmətlərə çatdırılıb.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)