Abas Miskərlinin adına saxta hesab yaradılıb yanlış məlumatlar paylaşılır - Rəsmi açıqlama -

10 Avqust 2026 12:35

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin İcraçı direktoru Abas Miskərlinin adına saxta "Telegram" kanalı yaradılıb.

ASA-dan verilən rəsmi açıqlamada bildirilir ki, saxta profillərdən yayılan məlumatlar həqiqəti əks etdirmir və ASA-nın rəsmi məlumatlarının diqqətə alınması tövsiyə olunur:

"Bildiririk ki, sözügedən Telegram kanalı Abas Miskərliyə və Azərbaycan Sığortaçılar Assosiasiyasına məxsus deyil və həmin kanalın fəaliyyəti ilə bağlı hər hansı əlaqə və ya əməkdaşlıq mövcud deyil.

Hazırda həmin saxta kanal vasitəsilə İcraçı direktorun adından həqiqəti əks etdirməyən, ictimaiyyəti yanlış istiqamətləndirə biləcək müxtəlif məlumatlar paylaşılır.

İctimaiyyətin və media nümayəndələrinin diqqətinə çatdırırıq ki, qeyd olunan Telegram kanalında yayılan məlumatlara istinad edilməməsi və bu məlumatların rəsmi mövqe kimi qəbul olunmaması xahiş olunur.

Abas Miskərli və Azərbaycan Sığortaçılar Assosiasiyasının fəaliyyəti ilə bağlı rəsmi və etibarlı məlumatlar yalnız Assosiasiyanın rəsmi kommunikasiya kanalları vasitəsilə yayımlanır.

Saxta hesab və kanalların yaradılması və bu kanallar vasitəsilə ictimaiyyətə yanlış məlumatların ötürülməsi ilə bağlı zəruri tədbirlərin görülməsi istiqamətində müvafiq iş aparılır.

Media nümayəndələrindən və ictimaiyyətdən yalnız rəsmi mənbələrdən yayılan məlumatlara istinad etmələri xahiş olunur."

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)