Paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsi, Salyan şosesi ərazisində yaşayan sakinlər yol və tullantıların yığılması ilə bağlı narazılıqlarını bildiriblər.
Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, yol uzun illərdir təmirsiz və yararsız vəziyyətdədir. Zibil qutularının vaxtında boşaldılmaması isə xüsusilə isti havalarda vəziyyəti daha da çətinləşdirir. Onlar problemin həlli üçün aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini, lakin nəticə olmadığını deyirlər.
Sakinlər yolun asfaltlanmasını, zibil qutularının isə küçələr üzrə daha düzgün yerləşdirilməsini istəyirlər. Onların bildirdiyinə görə, sözügedən yol hələ 1960-cı illərdə salınıb.
Yaşlı sakinlərdən biri isə yolun vəziyyətinə görə hərəkət etməkdə çətinlik çəkdiyini və hətta yıxılma təhlükəsi ilə üzləşdiyini bildirib.
Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da əlaqə saxlamaq mümkün olmadı.