"Yaprak Dökümü" serialında Ali Rıza bəy obrazını canlandıran Xəlil Ergün fotoqraf Murad Salahlı ilə birlikdə serialın çəkildiyi evi 16 ildən sonra yenidən ziyarət edib. Türk televiziya tarixinə adını yazdıran layihənin unudulmaz məkanındakı görüş həm aktyor, həm də serialın pərəstişkarları üçün nostalji dolu anlarla yadda qalıb.
Milli.Az xəbər verir ki, "Yaprak Dökümü"nün unudulmaz obrazı Ali Rıza bəyə həyat verən Xəlil Ergün serialın çəkildiyi evə etdiyi səfərlə keçmişə qayıdıb. Ergünü bu xüsusi ziyarətdə fotoqraf və məzmun yaradıcısı Murad Salahlı müşayiət edib.
Salahlı məkanın onlar üçün daşıdığı mənadan da bəhs edib. Salahlı "Bəzən bir ev sadəcə bir ev deyildir... İçində illərin xatirəsini, gülüşünü, kədərini və böyük bir hekayəni daşıyır" sözləri ilə ziyarətin emosional tərəfini vurğulayıb.
Salahlı Ergünün danışdığı hər bir xatirədə Ali Rıza Təkini və serialın unudulmaz günlərini yenidən yaşadıqlarını qeyd edib. "Həm kövrəldik, həm gülümsədik, həm də keçmişə qısa bir səyahət etdik" deyən Salahlı görüşün onun üçün əhəmiyyətini izah edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)